Hüseyn Cavidin Ev Muzeyində “Çətin missiya” adlı sənədli-bədii film çəkilir

21.04.2022

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə hazırlıq işləri uğurla davam edir. Bu mühüm hadisə ərəfəsində AMEA Hüseyn Cavidin Ev Muzeyində də dahi şairin həyat və yaradıcılığının, Azərbaycan ictimai fikir tarixində oynadığı əvəzsiz rolun təbliği, müqəddəs amalı uğrunda mübarizəsinin daha geniş auditoriyaya çatdırılması istiqamətində bir çox layihələr icra olunur. Muzeydə bu istiqamətdə yerinə yetirilən işlərdən biri də Cavid irsinin televiziya ekranlarında təbliği üçün ölkədə və xaricdə fəaliyyət göstərən televiziya şirkətlərinin birgə əməkdaşlığa dəvət olunmasıdır.
Əməkdaşlıq çərçivəsində yerinə yetirilən belə tele layihələrdən biri də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə “Çətin missiya” adlı sənədli-bədii filmin çəkilişləridir.
Bu günlərdə filmin yaradıcı heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyində çəkilişlərə başlayıb. Muzeydə çəkiliş qrupu üçün lazımi şərait yaradılıb. Filmdə şair və onun ailəsinə aid xatirə əşyaları, mühüm sənədlərin nümayişi də nəzərdə tutulub. Bu məqsədlə muzeyin əməkdaşları çəkiliş üçün Hüseyn Cavidin sürgündə olarkən ailəsinə göndərdiyi son məktubunun orijinalını, “Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin qeyd olunması haqqında” Azərbaycan SSR Kommunist Partiyasının Qərarını, bu qərarın dərc olunduğu “Kommunist” qəzetinin 21 iyul 1981-ci il tarixli sayını və muzeyin fondunda mühafizə olunan başqa mühüm materialları yaradıcı heyətə təqdim edib.
Qeyd edək ki, “Çətin missiya” sənədli-bədii filmin sssenari müəllifi Bənövşə Məmmədova, quruluşçu rejissioru Ruslan Hüseynov, operatoru İsmayıl Eyvazovdur.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.