“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabının təqdimatı olub

22.11.2021

22 noyabr 2021-ci il tarixində ölkədə keçirilən Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin də təşkilatçı qismində çıxış etdiyi “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” adlı elmi-praktik konfrans baş tutub. Konfransdan öncə hazırlanmış əlyazma sərgisində AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunan Ərtoğrol Cavidin Nizami qəzəllərinə bəstələdiyi musiqilərin not yazılarının əlyazmaları da geniş ictimaiyyətə təqdim olunub. Nümayiş olunan yeni nəşrlər sırasında muzeyin çap etdirdiyi “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab da yer alıb.
Daha sonra konfransın plenar iclasında AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Nizami Gəncəvi irsi və Ərtoğrol Cavid” mövzusunda məruzə edərək Ərtoğrol Cavidin dahi şairin əsərlərinə olan sonsuz məhəbbətindən danışıb. Məruzəçi geniş ön söz yazaraq çapa hazırladığı “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitabın da bu məhəbbətin bariz nümunəsi olduğunu söyləyib. Alim rəhbərlik etdiyi muzeyin fondunda mühafizə olunan materiallardan çıxış edərək Ərtoğrolun təkcə Nizami əsərlərinə musiqi bəstələmədiyini, eyni zamanda dahi şairin əsərlərinin el variantlarını toplayıb, həmin materialları sistemləşdirdiyini, onlara elmi rəylər yazıb, şərh verdiyini də söyləyib. G.Babaxanlı bildirib ki, bu kitabda toplanan materiallar təkcə nizamişünaslar üçün deyil, həmçinin ədəbiyyatşünaslıq, folklorşünaslıq və musiqişünaslıq elmimiz bütün digər sahələri ilə məşğul olan mütəxəssislər üçün də zəngin xammaldır.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.