“Cavidşünaslıq” çoxcildliyinin təqdimatı keçirilib

10.11.2021

10 noyabr 2021-ci il tarixində Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyində “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı olub.
Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, çoxcildliyin tərtibçi-müəllifi AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar və digər mötəbər qonaqlar iştirak edib.
Çıxışçılar bildiriblər ki, “Cavidşünaslıq” toplusunun təqdimat mərasiminin ilk dəfə Naxçıvan Muxtar Respublikasında keçirilməsi dahi şair və dramaturq Hüseyn Cavidin Naxçıvanda doğulub, boya-başa çatması ilə əlaqədardır. İştirakçılar 30 cildlik “Cavidşünaslıq” toplusunun ərsəyə gəlməsində filologiya elmləri doktoru Gülbəniz Babaxanlının və onun rəhbərlik etdiyi AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivinin böyük əməyi olduğunu vurğulayıblar. Bildirilib ki, cavidsevərlər üçün böyük hədiyyə olan bu çoxcildlikdə 1912-ci ildən 2017-ci ilədək Hüseyn Cavid irsinin tədqiqi ilə bağlı mətbuatda dərc olunmuş məqalələr əhatə olunub.
Diqqətə çatdırılıb ki, çoxcildlikdə Hüseyn Cavidin həyat və yaradıcılığı bir çox istiqamətlərdən: ədəbiyyatşünaslıq, teatrşünaslıq, mətnşünaslıq, tarixşünaslıq, mənbəşünaslıq, fəlsəfə və digər cəhətdən aparılan bütün tədqiqatlar öz əksini tapıb. Sadalanan bu sahələrə aid tədqiqat materiallarının bu topluda olması onu təkcə ədəbiyyatşünaslar üçün deyil, digər elm sahələrində çalışanlar üçün də qiymətli mənbəyə çevirib. Təqdim olunan çoxcildliyi müasir dövrün cavidşünasları üçün zəngin bir xəzinə kimi qiymətləndirən mütəxəssislər toplunun müstəqilik idealları işığında Hüseyn Cavidi yenidən öyrənməyə geniş imkanlar açdığını da vurğulayıblar.
Mərasimin sonunda AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Cavidşünaslıq” toplusunun işçi qrupu adından təqdimat üçün yaradılan şəraitə görə öz minnətdarlığını bildirib, rəhbərlik etdiyi muzeyin yeni layihələri haqqında ətraflı məlumat verib.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.