“Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab çap olunub

22.10.2021

Bu günlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının nəşrə hazırladığı “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab işıq üzü görüb. Yeni nəşr 2021-ci ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami ili” elan edilməsi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq hazırlanıb. Kitaba AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunan və Ərtoğrol Cavidin böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinə hədsiz məhəbbətini, heyranlığını ifadə edən materiallar toplanmışdır. Bu nadir materiallar Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi musiqilərin not yazılarını, onun topladığı görkəmli xanəndə Cabbar Qaryağdının repertuarında istifadə edilmiş Nizami yaradıcılığı nümunələrini və şərh yazıb, rəyləşdirdiyi Nizami əsərlərinin el variantlarını ehtiva edir. Kitab mütəxəssislər və nizamisevərlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, 22 oktyabr 2021-ci il tarixində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin istedadlı oğlu, bəstəkar, musiqişünas və folklorşünas Ərtoğrol Cavidin anadan olmasının 102 ili tamam olur. “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” adlı kitab isə bu günə ən dəyərli töhfədir.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.