Turan Cavid, yaxud möhtəşəm ömür simfoniyası

02.10.2021

Turan Cavid. Bu ad özü-özünə elə bir nur saçır ki, onun əlavə aydınlığa, təqdimata ehtiyacı yoxdur. Amma gənc nəslə öz çətin taleyinə mətanətlə sinə gərmiş, üzərinə düşən missiyanı ləyaqətlə başa vurmuş bu dəyərli Azərbaycan övladı haqqında məlumat vermək, doğum gününü bəhanə edib onun kimliyi, şəxsiyyəti, həyat fəlsəfəsi haqqında yaşlı nəslin təəssüratını yeniləmək bizim mənəvi borcumuzdur.
Azərbaycanın görkəmli dramaturqu, filosof-şairi, fenomenal düha sahibi Hüseyn Cavidin qızı Turan Rasizadə (Turan Cavid) 1923-cü il oktyabrın 2-də dünyaya gəlmişdir. Atasının repressiyaya məruz qalması nəticəsində Turan Cavid kiçik yaşlarından həyatın ən sərt üzünü görmüş və ömrünün sonunadək bu acı xatirələri unutmamışdı. Və elə bütün bu olanlar Turan Cavid bioqrafiyasının sadə bir azərbaycanlı qızının həyat tarixçəsi olaraq qalmasına imkan verməmişdir.
Turan Cavid 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil almış, həmin institutda müəllim kimi saxlanılmış, 1950-1983-cü illərdə “Azərbaycan teatr tarixi”ndən mühazirələr oxumuşdu. 1968-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışmışdı. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləmişdi. Respublikanın mədəni həyatında iştirak etmiş, mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmişdi. O, Hüseyn Cavidin 1958-2004-cü illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisi idi. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 1997-ci ildə Hüseyn Cavid mükafatı laureatı, Prezident təqaüdçüsü (2002), Dövlət Əfv Komissiyasının üzvü (2000-2004) olmuşdu.
Şəxsi həyatını, ailə səadətini qurmaq əvəzinə, Turan xanım bütün ömrünü valideynlərinin və qardaşının xatirəsinin yaşamasına, Hüseyn Cavid və Ərtoğrol Cavid irsinin toplanıb təbliğ olunmasına, cavidlər ailəsinin nurunu yaşadacaq ev-muzeyin yaradılmasına sərf etdi. Onun ən böyük zəhməti Hüseyn Cavidin üslubunu, təkraredilməz, unikal bədii dilini qorumaqla ədibin müfəssəl beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və Bakının mərkəzində, bir vaxtlar H.Cavidin yaşadığı mənzildə Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ev-muzeyi yaratmaq oldu.
Turan Cavid 2004-cü il sentyabrın 12-də 81 yaşında bu dünyadan köçdü və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olundu. Bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut etdi. Bu mənada, onun həyatı və yaradıcılığı bütün azərbaycanlılara, Vətən övladlarına bir örnəkdir.
Biz onsuz qalsaq da, o, bizimlə qaldı və Hüseyn Cavidin Ev Muzeyi bu illər ərzində Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək üçün bütün qüvvələrini sərf etdi: Hüseyn Cavidin Ev Muzeyinin layihəsi olan “Cavidşünaslıq” toplusu 30 cilddə çapdan çıxdı, Hüseyn Cavidin mükəmməl biblioqrafiyası hazırlanıb nəşr edildi, “Hüseyn Cavidin aforizmləri”, “Hüseyn Cavid, Abdulla Şaiq. Ədəbiyyat dərsləri”, Ərtoğrol Cavidin 1938-1941-ci illərdə dahi Bülbülün rəhbərliyi ilə toplayıb şərhlər verdiyi folklor mətnləri işlənərək 13 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adı ilə çap olundu, Hüseyn Cavidin şeirlərinə bəstələnmiş mahnılardan ibarət “Sözləri Hüseyn Cavidindir” albomu işıq üzü gördü, Hüseyn Cavidin əsərləri Avropa və Şərq dillərində nəşr olundu, müntəzəm olaraq Cavidlərin anım günləri və Cavid yaradıcılığına həsr olunmuş elmi sessiyalar keçirildi, Cavid irsinin KİV və muzeyin nəfis tərtibatlı veb saytı (www.huseyncavid.com) vasitəsilə geniş kütlələr arasında təbliği həyata keçirildi.
Həmçinin, Turan Cavidin həyat və fəaliyyətini əks etdirən “Turan Cavid, ömür salnaməsi” adlı kitab nəşr olundu. Bu kitabda çox böyük yaradıcılıq, araşdırmaçılıq missiyası ilə kifayət qədər maraqlı və zəngin həyat yolu keçmiş Turan xanımın şəxsiyyəti, onun ictimai fəaliyyəti barədə xeyli sayda material toplanıb ictimaiyyətin ixtiyarına verildi. 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salındı, onun haqqında bütün materiallar sistemli və kompleks şəkildə toplanaraq “ömür salnaməsi”nə çevrildi.
Bu kitabdan söz düşmüşkən qeyd etməliyik ki, Turan Cavidin Ümummilli lider Heydər Əliyevə yazdığı məktub və ulu öndərin Turan xanıma yubiley münasibətilə təbriki də həmin nəşrin nadir materialları sırasında yer alır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Cavidlər ailəsinin taleyində çox mühüm yer tutur. İstər Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilərək torpağa tapşırılması, istər Naxçıvanda və Bakıda Hüseyn Cavidin adının əbədiləşdirilməsi məqsədilə bir sıra muhüm addımların atılması, o cümlədən, Hüseyn Cavid məqbərəsinin və heykəlinin ucaldılması, ədibin adının məktəb, park, prospekt və küçələrə verilməsi, istərsə də Hüseyn Cavidin Ev Muzeyinin yaradılması haqqında sərəncamın imzalanması Ulu Öndərin Cavidlər ruhuna ehtiramı, cavidsevərlərə böyük hədiyyəsidir. Bu ehtiramı və diqqəti Hüseyn Cavidin Ev Muzeyinin açılış mərasimində ulu öndər Heydər Əliyevlə Turan Cavidin söhbətindən, bu və digər mərasimlərdə Turan Cavidlə birgə lentə alınmış video qeydlərdən, fotolardan da açıq-aydın sezmək mümkündür.
İllər bir göz qırpımında ötüb keçir ... Nə kədər unudulur, nə sevinc. Artıq 17 ildir ki, Turan xanım cismən aramızda deyil. Lakin içimizdəki Turan Cavid işığı heç zaman sönmür. Onun ruhu binagüzarlıq etdiyi AMEA Hüseyn Cavidin Ev Muzeyində yaşayır. Yenə də muzeyin mənəvi rəhbəri kimi əməkdaşlarını yeni layihələrə ruhlandırır.

Gülbəniz BABAXANLI
Azərbaycan Milli Elmlər Akademiyası
Hüseyn Cavidin Ev Muzeyinin direktoru,
filologiya üzrə elmlər doktoru,
Əməkdar mədəniyyət işçisi









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.