Turan Cavidin xatirəsi anıldı

13.09.2021

12 sentyabr tarixində böyük şair və dramaturq Hüseyn Cavidin qızı, görkəmli muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Turan Cavidin vəfatından 17 il ötür. Bu münasibətlə 13 sentyabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində Turan xanımın xatirəsi anılıb, onun həyat və fəaliyyətini əks etdirən eksponatlardan, kitablardan ibarət sərgi təşkil olunub. Əməkdaşlar onun haqqında öz şirin xatirələrini bölüşüblər.
Kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının təmiz adının əbədiləşməsi uğrunda qətiyyətlə mübarizə aparan, 81 il ömür sürüb, yalnız vəfatından sonra Cavid məqbərəsində əbədi rahatlıq tapan Turan xanım üzərinə düşən həyat missiyasını ləyaqətlə yerinə yetirən vətənpərvər ziyalı, atasının ideyalarına sadiq övlad idi.
1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutundan (indiki Mədəniyyət və İncəsənət Universiteti) məzun olduqdan sonra elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Respublikamızın mədəni həyatında fəal iştirak edən Turan Cavid Cavidlər ailəsinə məxsus materialları mühafizə edib ədibin ev muzeyinin yaradılmasına nail olmuş, 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsində işləmişdir. O, bu muzeyin işinin təşkili və əsas ekspozisiyasının tərtibi ilə yanaşı, atası, böyük ədib Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində də əvəzsiz xidmətlər göstərmişdir. Belə ki, Turan xanım Hüseyn Cavidin 1958-ci ildən 2004-cü ilədək nəşr olunmuş bütün kitablarının tərtibçisi olmuş, Cavidin əsərlərinə həm dil, həm də məna baxımından edilmiş müdaxilələri aradan qaldırmış, onların orijinal mətnini bərpa etmişdir.
Bu gün qürurla deyə bilərik ki, Hüseyn Cavid üslubunu, təkraredilməz, unikal bədii dilini qorumaqla ədibin müfəssəl beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və Bakının mərkəzində, bir vaxtlar Cavidlər ailəsinin yaşadığı mənzildə şairin ev-muzeyini yaratmaq Turan xanımın atasının ruhu və xalqımız qarşısında ən böyük xidməti oldu.
Bütün bunları nəzərə alaraq xalqımızın Ümummilli lideri Heydər Əliyev ədibin ev muzeyinin açılış mərasimində ona müraciətlə demişdi: “Hüseyn Cavid çox faciəli həyat keçirdi. Yəqin, onun xoşbəxtliyi onda oldu ki, sən var idin. Sən yaşamasaydın, bunları bir yerə kim yığacaqdı? Vəfalı övlad həmişə ata-ana üçün böyük nemətdir. Sən varsan, bunu yaratmısan. Allah bu əzab-əziyyətin müqabilində səni saxlayıb ki, sən bu irsi yaşadasan”.
Hazırda vaxtı ilə Turan Cavidin rəhbərlik etdiyi muzeyin fondunda onun həyat və yaradıcılığına işıq tutan kifayət qədər material mühafizə olunur. Onun fədakar elmi-ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin hazırkı direktoru, filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının tərtibçisi olduğu və 2014-cü ildə nəfis şəkildə çap olunan “Turan Cavid. Ömür salnaməsi” kitabına daxil edilib. Bu nəşr hər zaman muzeyi ziyarət edən qonaqlar tərəfindən maraqla qarşılanır. Ziyarətçilər onun həyat tarixçəsini qürur və nisgillə dinləyir, mübariz Azərbaycan qadınının dönməz ruhu qarşısında baş əyirlər.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivi başda muzeyin direktoru filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı olmaqla hər zaman bu elm və mədəniyyət ocağının qurucusu Turan Cavidin iş prinsiplərinə sadiq qalır, ideyalarını inkişaf etdirir və əziz xatirəsini yaşadırlar. Bu gün də Hüseyn Cavidin Ev Muzeyində Turan xanımın səliqəsini görmək olar. Muzeyə daxil olanda adama elə gəlir ki, Cavidlər ocağının son nümayəndəsi Turan xanım hələ də iş başındadır.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.