Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında işıq üzü görüb

28.10.2020

Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən pyesin ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibəti ilə nəşrə hazırlanıb.
Kitabın tərtibçisi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə yazdığı “Ön söz”də göstərir ki, 1928-1929-cu illərdə qələmə alınan “Knyaz” faciəsi Hüseyn Cavid dramaturgiyasında yеni dövrün başlanğıcıdır. Mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülən beş pərdəli pyes Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət edir. Yеni dövrü, yеni mühiti təsvir edən bu əsər ilk dəfə 90 il öncə, 1930-cu ildə Türk Bədaye Teatrında (Azərbaycan Dövlət Akademik Dram Teatrında) tamaşaya qoyulmuş, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Rza Əfqanlı, Rza Təhmasib, Sona Hacıyeva kimi məşhur aktyorlar səhnə əsərində rol almışlar.
Qeyd edək ki, nəşrin redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, cildinin tərtibçisi isə həmin müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.