“Hüseyn Cavid” gəmisi təmirdən sonra ilk xarici səfərinə yollanır

31.08.2020

“Qafqazinfo”nun verdiyi məlumata əsəasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Xəzərdənkənar sularda istismar olunan “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub. Tərsanə təmiri ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib. Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Həmçinin, heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarlarda lazımi təmir işləri aparılıb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək üçqat boya ilə rənglənib. Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzən “Hüseyn Cavid” gəmisi 29 avqust 2020-ci il tarixində təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanıb. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adını daşıyan gəminin uzunluğu 108.33, eni 16.74 metr, yükgötürmə qabiliyyəti 5200 tondur.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.