“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti cildləri nəşrə hazırlanıb

06.07.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti beş cildi: XXI-XXV cildləri nəşrə hazırlanıb.
Son altı ayda “Cavidşünaslıq” araşdırmalar toplusunun XXI-XV cildləri üçün 2012-2015-ci illər cavidşünaslığına dair materiallar toplanılmış, sistemləşdirilmiş və ümumiləşdirilərək nəşrə hazırlıq mərhələsinə təqdim olunmuşdur. Toplunun 5 cildi bədii-texniki cəhətdən tərtib olunmuş və nəşrə hazırlanmışdır.
Toplunun 416 səhifəlik XXI cildinə 2012-ci ildə Hüseyn Cavidin 130 illik yubileyi, zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı haqqında yazılmış məqalələr, xatirələr, İnternet materialları daxil edilmişdir.
400 səhifəlik XXII cilddə 2013-cü ilin cavidşünaslığı, xüsusən də şairin həyat və yaradıcılığına dair dövri mətbuatda dərc olunan mühüm yazılar əks olunmuşdur. 384 səhifədən ibarət XXIII cildə 16-18 may 2013-cü il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin iştirakı ilə Bakıda təşkil olunmuş “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy və Hüseyn Cavid” adlı beynəlxalq elmi konfransın materialları daxil edilmişdir.
Toplunun 400 səhifəlik XXIV cilində Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr olunmuş və 2013-2014-cü illərdə müxtəlif mənbələrdə işıq üzü görmüş elmi, elmi-publisistik, ədəbi-bədii materiallar daxil edilmişdir.
440 səhifəlik XXV cildə 2014-2015-ci illərin cavidşünaslıq materialları daxil edilmişdir.
Qeyd edək ki, Çoxcildliyin elmi məsləhətçisi AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.