Hüseyn Cavidin həbsindən 83 il keçir

04.06.2020

1937-ci il Hüseyn Cavidin həyatında qara hərflərlə yazıldı. Həmin ilin iyun ayının 3-də Cavidə qarşı millətçi ittihamı irəli sürülür. İyun ayının 4-də gecə saatlarında evlərinin qapısı döyülür Mişkinaz xanım səksəli halda Cavid əfəndinin üzünə baxır, qapını açan şair DTK zabiti Pavlovu və hərbi formada bir neçə nəfəri görür. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Nə axtarış? Bu balaca, ikigözlü evdə nə olacaqdı ki, guya? Məram-məqsəd hamıya aydın idi. Bir-birini əvəz edən danlaq dolu iclasları, haqqında yazıları danosları gözünün önünə gətirir.
“Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlov guya nəsə tapmış kimi cızma qara işləri aparıb nələrisə qeydə alır. Və Hüseyn Cavid 4 iyun gecə saat 23:15 radələrində həbs edilərək evindən aparılır. Tam 2 il müddətində Cavid keşlə və Bayıl həbsxanalarında ağır dustaqlıq şəraitində yaşadıqdan sonra 1939-cu ilin 4 iyulunda antisovet təbliğatında iştirakına görə 8il həbs cəzası alaraq Sibirə sürgün edilir. 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki Əlillər evində dünyasını dəyişir və orada torpağa tapşırılır. Yalnız 41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə vətənə qaytarılır və xatirəsi əbədiləşdirilir. Əsərləri yenidən nəşr edilir, ev muzeyi yaradılır. Bu günə qədər fəaliyyət göstərən muzeydə Hüseyn Cavidin xatirəsi daim yad edilir.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.