“Topal Teymur” əsərinin 95 illiyinə həsr olunmuş onlayn elmi sessiya keçirilib

28.04.2020

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi və dövlət xadimi Əmir Teymur haqqında qələmə aldığı tarixi “Topal Teymur” (1925) dram əsərinin yazılmasından 95 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının sədrliyi ilə muzey əməkdaşlarının onlayn elmi sessiyası keçirilib.
Gülbəniz Babaxanlı çıxışında bildirib ki, elmi sessiyanın əsas məqsədi “Topal Teymur” əsərinin yenidən nəşrə hazırlanması və ingilis dilinə tərcüməsi vəziyyətini müzakirə etməkdir. Alim qeyd edib ki, Hüseyn Cavid yaradıcılığında tarixi əsərlər çox olmasa da, onlar tarixi janrda yazılmış əsərlər arasında öz çəkisi ilə fərqlənir. “Topal Teymur” əsərinin milli-mənəvi, tarixi və bədii əhəmiyyətindən bəhs edən natiq Hüseyn Cavid yaradıcılığında ümumbəşəri səciyyənin yeri və rolundan, Cavid əsrlərinin, o cümlədən “Topal Teymur” dramının bu gün də aktual olmasını şərtəndirən amillərdən söz açıb. Əsərin insanlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularını tərənnüm edən məqamları qabardılaraq müasir tarixi kontekstdə qiymətləndirilb. G.Babaxanlı qlobal pandemiya vəziyyətilə əlaqədar muzey əməkdaşlarının növbədənkənar məzuniyyətdə olmalarına baxmayaraq, əsərin tərcümə və təkrar nəşrə hazırlanması işinin bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirilməsinin vacibliyindən danışıb.
Onlayn sessiyada iştirak edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, artıq bu istiqamətdə bir sıra işlər yekunlaşıb. Belə ki, əsərin Azərbaycan nüsxəsi müasir redaksiya-nəşriyyat tələblərinə müvafiq şəkildə tərtib olunaraq, səhifələnib. “Topal Teymur”un ilk dəfə ingilis dilinə tərcüməsi prosesi isə son mərhələyə qədəm qoyub. Digər çıxış edənlər Cəmilə Rzayeva, Lalə Əliyeva və Aytən Cəfərova da bu istiqamətdə görülmüş işlər barədə məruzə ediblər. Bildirilib ki, görülmüş işlərlə yanaşı “Topal Teymur” əsərinə ədəbi-tarixi xronika da hazırlanıb. Burada əsərin son 95 ildə nəşr və səhnələşdirilmə tarixinin, elmi-nəzəri və ədəbi-bədii tədqiqatlara cəlb olunmasının, tərcümə və ¬¬təbliğinin xronologiyası verilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.