Hüseyn Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib...

31.03.2020

Bu gün - 31 mart 2020-ci il tarixdə Azərbaycanlıların soyqırım gününün 102 illi tamam olur. Azərbaycanlıların soyqırımı 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Ulu öndər Heydər Əliyev deyirdi ki, vaxt keçdikcə bu faciə bizim üçün daha ağrılı olur, onu daha dərindən dərk edirik və çətinliklə qəbul edirik. Bu sözlər faciəli tarixin yaddaşlarda həmişə yaşayacağını bildirir. Biz soyqırım qurbanları qarşısında baş əyirik, onları yad edərək gənc nəslimizə məlumat veririk, düzgün yol göstəririk. Övladlarımız bu tarixi yaddan çıxarmamalıdır. Çünki “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər heç vaxt dinc durmayacaqlar. Erməni siyasətçiləri bu əməlləri həmişə davam etdirəcək. Buna görə də Azərbaycan xalqı ayıq olmalıdır. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Azərbaycan xalqının, burada əsrlərlə yaşayan digər xalqların yaratdıqları nemətləri, adət-ənənələri qorumalıyıq və gənc nəslə ötürməliyik”.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin bu dəyərli kəlamlarını hər zaman əsas tutaraq hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi yad etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Maraqlı bir faktı qeyd edim ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən cəlladlar Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarıb və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. Hüseyn Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.

Muzeyin Elmi katibi
İlahə Novruzova


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.