“Cavidşünaslıq” araşdırmalar toplusunun XI-XX cildləri çap olundu

28.11.2019

    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” elmi tədqiqat proqramı çərçivəsində 30 cilddə nəşri nəzərdə tutulmuş “Cavidşünaslıq” araşdırmalar toplusunun XI-XX cildləri çap edilib.
    Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliyyətinin mühüm uğurlarından biri kimi hazırlanan “Cavidşünaslıq” toplusunun ideyası da məhz həmin araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsidir.
    Növbəti oncildlik nəşr (XI-XX cildlər) böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 18 illik bir dövrü, 1994-2012-ci illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan verir. XI-XX cildlərdə də pərakəndə qaynaqlarda Hüseyn Cavid yaradıcılığı və şəxsiyyəti haqqında olan multidissiplinar tədqiqat və informasiyalar xronoloji qaydada bir yerə toplanmış və cavidşünaslara təqdim edilmişdir. Bu isə Hüseyn Cavid irsinin müasir dövrdə öyrənilməsinin daha da asanlaşdırılmasını təmin etməkdir.
    Çoxcildliyin XI-XX cildlərində Əkrəm Cəfər, Məsud Əlioğlu (retrospektiv), Xəlil Rza Ulutürk, İsa Həbibbəyli, Nərgiz Paşayeva, Rafael Hüseynov, Teymur Kərimli, Mahmud Kərimov, Kamal Abdulla, Səlahəddin Xəlilov, Aybəniz Kəngərli, Gülbəniz Babaxanlı, Gülşən Əliyeva, Sərdar Fərəcov, Flora Xəlilzadə, Vilayət Quliyev, Cəlal Qasımov kimi dəyərli ziyalılarımızın imzaları var. Topluya eyni zamanda 2012-ci ildə Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə yazılmış məqalələr, xatirələr, internet materialları daxil edilmişdir.
    Çoxcildliyin redaksiya heyəti akademik Akif Əlizadə (ideya müəllifi), akademik İsa Həbibbəyli (elmi məsləhətçi), akademik Teymur Kərimli (layihənin rəhbəri), filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdan (tərtibçi-müəllif) ibarətdir.
    Ədəbiyyatşünaslıq sahəsində möhtəşəm bir nəşr kimi çoxcildlik “Cavidşünaslıq” toplusu dəyərli bir mənbə, tarixi-mədəni və elmi irs olacağına ümid edirik. Çoxcildliyin daha 10 cildinin də çap edilməsi nəzərdə tutulub. Cavid yaradıcılığının qlobal miqyasda təbliği kitabın mühüm nəticəsidir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.