VI Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkasında AMEA Hüseyn Cavidin Ev Muzeyinin yeni nəşrləri nümayiş olunub

27.09.2019

    Sentyabrın 27-də Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.
    Ənənəvi olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyi də sərgidə öz nəşrlərini nümayiş etdirib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral eləcə də xarici qonaqlar Hüseyn Cavidin Ev Muzeyinin təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, muzeyin nəşrlərini yüksək qiymətləndiriblər.
    Onu da qeyd edək ki, Muzeyin direktoru Gülbəniz Babaxanlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında çap edilmiş Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyasını (azərbaycan və rus dillərində) təqdim edib.
    Qeyd edək ki, sərgidə iştirak edənlər Hüseyn Cavidin Ev Muzeyinin nəşrlərini yüksək qiymətləndirmiş, hər bir nəşrin böyük əhəmiyyətə malik olduğunu vurğulamışlar.
    Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Qeyd edək ki, sərgi sentyabrın 29-dək davam edəcək.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.