AMEA Hüseyn Cavidin Ev Muzeyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi

14.06.2019

    14 iyun tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası 15 İyun – Milli Qurtuluş günü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı muzey əməkdaşlarını və tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş günü münasibətilə təbrik edib. Bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı Milli Qurtuluşumuzun bünövrəsini qoyub.
    Heydər Əliyev siyasi kursu boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirmiş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir.
    Xalqımızın bir çox klassik sənətkarı kimi Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini, müstəsna dəyər və lazımlığını Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi oğlu, ümummilli liderimiz, sözün-sənətin böyük bilicisi və hamisi Heydər Əliyev müəyyən etmişdir. Heydər Əliyev Hüseyn Cavidin son yadigarı qızı Turan Cavidə daima doğma qardaş münasibəti göstərmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə şairin Ev Muzeyi yaradılaraq fəaliyyətə başlamış, doğma vətəni Naxçıvanda möhtəşəm məqbərəsi ucaldılaraq Cavidin ruhuna bir töhfə kimi ərmağan edilmişdir.
    Heydər Əliyev ideyalarının və işlərinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sahədə olduğu kimi Cavid irsinin nəşri, təbliği və öyrənilməsi sahəsində də ümummilli liderimizin başladığı qədirşünaslıq fəaliyyətini davam və inkişaf etdirir. Bu baxımdan Hüseyn Cavidin 125, 130 və 135 illik yubileylərinin yüksək dövlət səviyyəsində keçirilməsi haqqında ölkə Prezidentinin imzaladığı sərəncamlar ədəbi-mədəni irsimizin, o sıradan Hüseyn Cavid yaradıcılığının ən ali dairələrdə necə yüksək qiymətləndirilməsi haqqında əyani təsəvvür oyadır.
    Tədbir zamanı Hüseyn Cavid irsinə Heydər Əliyevin misilsiz qayğısını özündə əks etdirən fotoşəkillərdən, kitablardan və disklərdən ibarət sərgi nümayiş olunub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.