“Ərtoğrol Cavid - 99” adlı anım tədbiri keçirildi

22.10.2018

    Oktyabrın 22-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Cavidlər ailəsinin ensiklopedik zəkası, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirildi.
    Ə.Cavidə həsr olunmuş guşənin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı istedadlı gənc Ərtoğrolun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. O, bildirdi ki, 24 illik qısa ömür yaşamış Ə.Cavid Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini “əla” qiymətlərlə bitirdikdən sonra Konservatoriyaya daxil olmuş, Üzeyir Hacıbəylinin tələbəsi olmuş, romanslar, mahnılar, simfonik parçalar bəstələmiş, “Məhsəti” operasını yazmağa başlamışdır. G.Babaxanlı onu da qeyd etdi ki, Ərtoğrol həm istedadlı musiqiçi və rəssam, həm də folklorçu olmuşdur.
    Tədbir zamanı Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən, müxtəlif kitablardan, sənədlərdən, CD-DVD disklərdən və fotolarlardan ibarət geniş sərgi təşkil olundu.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.