Muzeydə şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

26.01.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyi elmlə təhsilin inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir. Bu istiqamətdə növbəti açıq dərs Nəsrəddin Tusi adına 173 nömrəli tam orta məktəbin 5A sinif şagirdləri üçün təşkil olunub.
   Açıq dərsdə Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Şagirdlərlə sual-cavab şəraitində keçirilən dərsdə məktəblilər fəal iştirak edərək verilən suallara operativ cavablar veriblər.
   Muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olan şagirdlər Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablara da böyük maraq göstəriblər. Bu istiqamətdə onlara Muzeyin nəşrləri (“Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”) haqqında da geniş məlumat verilib.
   Təhsil və elmin inteqrasiyasında fəal iştirak edən AMEA Hüseyn Cavidin Ev Muzeyində təşkil edilən bu cür tədbirlər şagirdlərin ədəbi dünyagörüşlərinin daha da zənginləşməsində, onların təhsil və tərbiyəsində, mənəvi-intellektual inkişafında mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, şagird və tələbələr üçün mütəmadi olaraq açıq dərslər təşkil edilməsi artıq ənənə halını almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.