”Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları” mövzusunda tədbir keçirildi

30.03.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan xalqına qarşı törədilmiş Mart soyqırımının 100-cu ildönümünə həsr olunmuş “Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları” mövzusunda anım tədbiri keçirildi. Soyqırım qurbanlarının xatirəsi anıldıqdan sonra tədbirdə çıxış edən Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tarixə qısa nəzər salaraq xalqımıza qarşı bolşevik-daşnak birləşmələrinin 1918-ci ildə törətdikləri cinayətləri haqlı olaraq ümummilli liderimiz Heydər Əliyevin soyqırım kimi qiymətləndirdiyini və hadisələrə layiqli hüquqi qiymət verdiyini bildirdi. O, vurğuladı ki, hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Sonra G.Babaxanlı mövzu ilə əlaqədar həmin faciə günlərində böyük şairimiz Hüseyn Cavidin Bakıda yaşadıqları ilə bağlı qeyd etdi ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də məhz dahi dramaturqumuz Hüseyn Cavid olmuşdur. Qaniçən erməni cəlladları Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarmışlar və yol boyu 70 nəfərdən 60 nəfər yoldaca qətlə yetirilir, yalnız 10 nəfər sağ qalır. Hüseyn Cavid də təsadüf nəticəsində ölümün pəncəsindən qurtulmuş 10 nəfərdən biri olub. Bolşeviklər “Açıq söz” qəzeti mətbəəsini atəşə verdikləri zaman Cavid əfəndi ağlayaraq bu sözləri demişdi: “Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saata mətbəədə yandı”. Qüdrətli dramaturq şah əsərlərindən biri olan “İblis” faciəsini bu acı təsirlər altında yazmışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.