Hüseyn Cavidin “Peyğəmbər” əsərinin ilk dəfə çap olunmasının 95 illiyi münasibətilə dəyirmi masa keçirilib

23.02.2018

    Bu il Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin “Peyğəmbər” əsərinin ilk dəfə çap olunmasından 95 il ötür.
    Dahi mütəfəkkirin bu pyesinin yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində dəyirmi masa keçirilib. Tədbirdə muzeyin direktoru, ədədbiyyatşünas-alim, əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı ““Peyğəmbər” insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsinə həsr olunmuş əsər” adlı elmi məruzə ilə çıxış etdi. Alim məruzəsində əsərin ətraflı ədəbi təhlilini verərək onun Azərbaycan ədəbiyyatı tarixində mövzu aktuallığını xüsusi vurğuladı. G.Babaxanlı diqqətə çatdırdı ki, minillik zəngin Azərbaycan ədəbiyyatının ən yaxşı humanist ənənələrini davam və inkişaf etdirən dahi Azərbaycan şairi, dramaturqu və filosofu Hüseyn Cavidin “Peyğəmbər” dramı da işıqlı ideyaların təbliği baxımından istisna təşkil etmir. Bu ideyalar arasında tolerantlıq və multikultural dəyərlər aparıcı yerlərdən birini tutur.
    Sonra “Hüseyn Cavidin “Peyuğmbər” əsəri - 95(ədəbi-tarixi xronika)” mövzusunda muzeyin əməkdaşı Aytən Cəfərovanın elmi məruzəsi dinlənildi. O, məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin səhnələşdirmə tarixinə ətraflı nəzər saldı.
    Tədbir zamanı muzeyin ekspozisiyasında “Peyğəmbər” əsərinə həsr olunmuş sərgi təşkil edilib və muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış olublar.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.