5 iyun-Hüseyn Cavidin həyatının faciəli gecəsi

05.06.2017

    1937-ci il iyunun 4-dən 5-nə keçən gecə dahi mütəfəkkirimiz Hüseyn Cavidin ailəsi üçün ağır günlərin başladığı bir tarixdir. Həmin gecə şair, dramaturq, Azərbaycan xalqının böyük ədibi Hüseyn Cavid həbs olunmuşdur. Bununla bağlı olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirildi.
    Tədbirin açılış nitqini söyləyən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı həmin gecə ilə bağlı iştirakçılara geniş məlumat verdi. O bildirdi ki, həmin gecə böyük şair, dramaturq, xalqın mərd oğlu Hüseyn Cavidi ailəsindən, evindən, vətənindən həmişəlik ayırdılar. Cavidlər ailəsinin və bütün Azərbaycan xalqının yaddaşlarında dərin izlər buraxan o gecədə Hüseyn Cavidin əlyazmalarının əksəriyyəti məhv edildi. Daha sonra muzeyin direktoru Hüseyn Cavidin ailəsinin həbsdən sonra yaşadığı iztirablardan söz açdı. O, şairin həyat yoldaşının və övladlarının yaşadıqları evdən çıxarılaraq kiçik və şəraitsiz bir evə yerləşdirildiyini söylədi.
    Muzeyin əməkdaşı Cəmilə Rzayeva da çıxış edərək bildirdi ki, Hüseyn Cavid “xalq düşməni” elan edildiyi üçün Cavidsevərlər də bir çox təqiblərə məruz qaldılar. Şairin əsərləri kitabxanalardan yığışdırıldı, özü də “pantürkist” və “panislamist” adı ilə damğalandı.
    Həmin gecə Hüseyn Cavidin qələm dostları Mikayil Müşviq, Əhməd Cavad və Seyid Hüseyn də həbs olundular. Azərbaycan xalqı üçün qara səhifələrdən ibarət olan 1937-ci il xalqımıza və ədəbiyyatımıza böyük itkilər yaşatdı.
    Anım tədbirində şairin həyat və yaradıcıllığına həsr olunmuş kitablardan ibarət sərgi də nümayiş olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.