Hüseyn Cavid irsinin təbliği sahəsində elmlə təhsilin qarşılıqlı əlaqəsi daha da güclənir

28.02.2017

    Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu istiqamətdə Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının təşəbbüsü ilə Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi” fakültəsinin "SABAH" qruplarının II kurs tələbələri üçün muzeydə açıq dərs keçirilib. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin rəhbərliyi altında "Ədəbiyyatdan praktikum" fənni çərçivəsində təşkil olunan dərsdə muzeyin elmi katibi Natiq Mürsəlov tələbələrə “Hüseyn Cavidin həyatı və ədəbi-fəlsəfi irsi” mövzusunda mühazirə keçib. Tələbələrə dahi mütəfəkkir Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin faciəli taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Dərs zamanı tələbələr Cavid əfəndinin şeirlərindən parçalar səsləndiriblər. Sonda tələbələr muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.