“Gənc musiqişünas və folklorşünas Ərtoğrol Cavid” adlı tədbir keçirilmişdir

21.10.2016


    22 oktyabr 2016-cı il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin doğum günündən 97-ci ili tamam olur. Bununla əlaqədar bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində “Gənc musiqişünas və folklorşünas Ərtoğrol Cavid” mövzusunda anım tədbiri təşkil edilmişdir. Muzeyin “Cavidin şöhrəti” otağında Ə. Cavidə həsr olunmuş guşənin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı istedadlı gənc Ərtoğrolun həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. O, çıxışında Ə.Cavidin ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) və bu irslə bağlı elmi-filoloji görüşləri barədə geniş söhbət aparılmışdır. Qeyd olunmuşdur ki, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu materialların içərisində xalq arasından toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, oyun havaları, toy və yas mərasimlərinin təsviri və s. folklor-etnoqrafiya nümunələri vardır. Həmin nümunələr Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ə. Cavidin bu gün də folklorşünaslıq və sənətşünaslıq araşdırmaları baxımından əhəmiyyətli olan elmi-filoloji və musiqişünaslıq görüşləri ilə birlikdə təqdim edilir. Bütün bu materialların və onlara yazılmış Ə. Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri olmaqla yanaşı, cavidlər irsinə verilən qədirşünaslıq örnəyidir.
    Tədbir zamanı Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən, müxtəlif kitablardan, sənədlərdən, CD-DVD disklərdən və fotolarlardan ibarət geniş sərgi təşkil olunmuşdur.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com