“Eyni amal uğrunda ortaq taleyi bölüşənlər - Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

27.05.2022

Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə “Eyni amal uğrunda ortaq taleyi bölüşənlər - Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA Hüseyn Cavidin Ev Muzeyinin ev sahibliyi etdiyi konfrans öz işinə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında plenar iclasla başlayıb. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb və hər üç sənətkarı birləşdirən ümumi amalın xalq, millət və ümumiyyətlə Turan uğrunda mübarizə olduğunu söyləyib. Daha sonra Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxış edərək bildirib ki, Hüseyn Cavid, Əhməd Cavad və Əhməd Baytursunlunun ümumi xüsusiyyətlərindən biri onların Qazaxıstanda sürgün həyatı yaşamalarındadır. O, hər üç sənətkarın Turan uğrunda mübarizəsindən, türkçülük ideyalarına xidmətindən bəhs edib, Hüseyn Cavidin Ev Muzeyi ilə Beynəlxalq Türk Akademiyasının birgə nəşrə hazırladığı “Hüseyn Cavidin seçilmiş əsərləri” (“Гусейн Джавид. Избранные пьесы”) kitabının ilk dəfə geniş ictimaiyyətə məhz bu konfransda təqdim olunduğunu vurğulayıb. Plenar iclasda həmçinin TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı çıxış edərək Azərbaycan Dövlət Himninin müəllifi olan Əhməd Cavadın bütün türk dünyasında məşhur “Çırpınırdı qara dəniz” şeirinin sətiraltı mənalarını açıqlayıb. Bildirib ki, istər Hüseyn Cavid, istər Əhməd Cavad, istərsə də Əhməd Baytursunlu türk dünyasında tanınan, imzasına hörmət olunan və hər məclisdə şeirləri ucadan oxunan ulu şairlərimizdəndir. Plenar iclas Füzuli Məcidlinin akademik İsa Həbibbəyliyə Beynəlxalq Türk Akademiyasının təsis etdiyi Nəvai qızıl medalını təqdim etməsi ilə yekunlaşıb.
Daha sonra bölmə iclasına başlanılıb. Moderator fil.ü.f.d. Nərgiz Cabbarlı iclası açaraq sözü AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyə verib. Teymur Kərimli “Azərbaycanda romantizm ədəbi cərəyanının banisi” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra konfransa ev sahibliyi edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavid və Türk ədəbiyyatı” mövzusunda məruzə edərək Hüseyn Cavidə Türk dünyasının şair və ədiblərinin təsiri məsələsinə və onun Türk dünyasında öyrənilməsi tarixinə ümumi nəzər salıb. Bölmə iclasında həmçinin Qazaxıstanda Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, “Qazax Universiteti” nəşriyyatının baş redaktoru Kıdırbek Kunıpiyaulı, “Əhməd Cavad yaradıcılığında milli istiqlal” adlı məruzəsi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev və Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış ediblər.
Daha sonra konfrans iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya zalları ilə tanış olublar. Onlara Cavidin həyat və yaradıcılığı, tədqiqi, öyrənilməsi və təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Sonda konfrans iştirakçıları muzeyin rəy kitabına ürək sözlərini yazıblar. Bu özəl günü əbədiləşdirən xatirə şəkilləri çəkilib.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.