Beynəlxalq muzeylər günü münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyi “Açıq qapı” günü keçirib

18.05.2022

AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 May – “Beynəlxalq muzeylər günü” münasibətilə “Açıq qapı” günü keçirilib. Azərbaycan şairi və dramaturqu, filosof sənətkar Hüseyn Cavidin anadan olmasının 140 illik yubiley tədbirlərinə hazırlıq işləri getdiyi ərəfədə muzey öz ekspozisiyasını yeniləyib. Bu gün muzeyin fondunda mühafizə olunan qiymətli eksponatlardan biri – şairin oğlu istedadlı folklorşünas, bəstəkar və rəssam Ərtoğrol Cavidin qrafika üsulu ilə çəkdiyi, övladın ataya məhəbbətini və böyük Cavidin əzəmətini özündə ehtiva edən Hüseyn Cavid portreti restavrasiyadan sonra ilk dəfə tamaşaçılara təqdim olunub.
Muzey əməkdaşlarının peşə bayramı günündə Hüseyn Cavidin Ev Muzeyi ötən illərdən fərqli olaraq, artıq sərt karantin qaydaları aradan qaldırıldığından daha çox tamaşaçı kütləsi qəbul edib, ziyarətçilərə Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də cavidlər ailəsinin irsi və muzeyin ekspozisiyasında sərgilənən zəngin eksponatlar, muzeyin son nəşrləri barədə ətraflı məlumat verilib.
Muzeydə 18 May – “Beynəlxalq muzeylər günü” münasibətilə müxtəlif maarifləndirici tədbirlər, həmçinin “Heydər Əliyev və muzeylərimiz” mövzusunda elmi sessiya da keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərildiyini, mədəniyyət xadimlərinin, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirdiyini söyləyib. Bildirib ki, məhz Ümummilli liderin rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub, Azərbaycanın bir sıra incəsənət xadimlərinin ev və xatirə, regionlarda tarix-diyarşünaslıq muzeyləri yaradılıb, fəaliyyətdə olan muzeylərin fondları yeni və nadir materiallarla zənginləşdirilib. Alim qeyd edib ki, bu ənənə hazırda da uğurla davam etdirilir. Son illərdə yeni muzeylərin yaradılması, bir çox muzeylərin əsaslı bərpa olunması və yenidənqurması Heydər Əliyevin mədəniyyət siyasətinin uğurlu davamıdır. Bu gün müzəffər Ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə yağı düşmən tərəfindən dağıdılmış, mirası talan edilmiş muzeylərimizin bərpası və yenidənqurulması işi sürətlə həyata keçirilir.
Daha sonra elmi sessiyada çıxış edən muzeyin digər əməkdaşları Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin yaradılması istiqamətində gördüyü işləri yada salıb, AMEA Hüseyn Cavidin Ev Muzeyinin yaradılması və maddi-texniki bazasının möhkəmləndirilməsinin də Heydər Əliyev cənablarının muzey siyasətinin mühüm parçası olduğunu bildiriblər.
Qeyd edək ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi 2005-ci ildən ICOM-un üzvüdür və bu təşkilat vasitəsilə muzey dünya ölkələrində beynəlxalq muzeylərlə əlaqə yaradır, mədəni irsin qorunması istiqamətində dünya muzeyləri ilə bir sırada öz işini uğurla davam etdirir. Muzeylərin cəmiyyətin həyatında oynadığı mühüm rolu göstərmək məqsədilə Hüseyn Cavidin Ev Muzeyində həyata keçirilən bugünkü silsilə tədbirlər də ICOM-un (Beynəlxalq Muzeylər Şurası) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün çərçivəsində baş tutub.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.