AMEA Hüseyn Cavidin Ev Muzeyinin illik hesabatı dinlənilib

05.11.2019

    5 noyabr tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində 2019-cu ilin elmi-tədqiqat işlərinin hesabatı dinlənib. İclası Elmi Şuranın sədri fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq il ərzində görülən işlərdən danışıb. Sədr 2019-cu il ərzində görülən elmi-tədqiqat işlərinin ən mühüm nəticəsi sayılan “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun XI-XX cildlərinin yenicə çapdan çıxması barədə və 2019-cu ildə Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi münasibətilə çap edilən “Ərtoğrol Cavidin ömür salnaməsi” seriyasından “Musiqi əsərləri” albom-kitabı, “Ərtoğrol Cavid. Məqalələr toplusu” və “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” adlı monoqrafiya haqqında geniş məlumat verib.
    Muzeyin elmi katibi İlahə Novruzova məruzəsində bildirib ki, hesabat ilində muzeydə 2018-ci ilin elmi tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 45 iş mərhələlər üzrə yerinə yetirilib. Muzeyin zənginləşdirilməsinə xüsusi diqqət göstərilir, müəssisənin fondunda 11 min 766 eksponat mühafizə olunur. Bu il muzeyə və onun elektron bazasına 127 yeni eksponat daxil edilib, veb-saytının xarici dil (ingilis dili) versiyası yeni materiallar ilə zənginləşdirilib. Cavid irsinin təbliği məqsədilə əməkdaşlarımız Türkiyədə, Ukraynada, Özbəkistanda, Macarıstanda, Niderland Krallığıda ezamiyyətdə olublar. Hesabat məruzəsində o da qeyd edilib ki, müəssisə Beynəlxalq Muzeylər Komitəsi (ICOM) ilə sıx əməkdaşlıq edir. Muzeyin eləcə də yerli və xarici ziyarətçilərinin sayı ötən illərə nisbətən daha da artıb.
    Hesabat məruzəsində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı görülən işlərdən də geniş bəhs edilib. Azərbaycan Respublikası Prezidentinin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən mart ayının 18-də “Cəfər Cabbarlı və Hüseyn Cavid” adlı yubiley tədbiri keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 Aprel 2019-cu il tarixli sərəncamı əsasında AMEA Rəyasət Heyətinin 31 May 2019-cu il 10/18 nömrəli qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyası (azərbaycan dilində), Мамед Джафар “Гусейн Джавид” (монография), rus dilində nəşr edilib.
Sonda Elmi katib muzey əməkdaşlarının səmərəli fəaliyyətləri haqqında danışıb. Bütövlükdə hesabat qənaətbəxş hesab edilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.