Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə tədbir keçirildi

25.10.2018

    Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə ədibin adını daşıyan parkda Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev Muzeyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq ədibin xatirəsini hörmətlə yad ediblər.
    Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
    Daha sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək deyib ki, dərin fəlsəfi-estetik məzmunlu əsərləri ilə ədəbiyyatımızda yeni mərhələnin başlanğıcını qoyan Hüseyn Cavid ömrü boyu qəlbinin dediklərini qələmə alıb, sənətinə sadiq qalaraq əbədiyaşarlıq zirvəsinə ucalıb. Ə.Əzizov söyləyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.
    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov çıxış edərək dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıblar.
    Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Onun əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır.
    Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını söyləyib.
    Sonra respublikanın tanınmış ifaçıları Mələkxanım Əyyubova, Nuriyyə Hüseynova və Almaxanım Əhmədli tərəfindən Hüseyn Cavidin sözlərinə yazılmış mahnılar səsləndirilib. Sonra magistr tələbəsi Qəndab Əhmədova Hüseyn Cavidin əsərlərindən parçalar söyləyib.
    Sonda tədbir iştirakçıları Hüseyn Cavidin abidəsi önündə xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.