H.Cavidin Ev Muzeyi ilə Türkiyə Azərbaycan Mədəniyyət Evinin əməkdaşlığı davam edir

16.07.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyi İstanbul Azərbaycan Mədəniyyət Evi ilə əməkdaşlığı davam etdirir. Bu birgə fəaliyyət nəticəsində Cavidlər irsinin Türkiyədə və Azərbaycana gələn Türkiyə vətəndaşlarının arasında təbliği daha da sürətlənmişdir. Qeyd edək ki, bu istiqamətdə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmət Alp Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablarının qardaş ölkədə təbliğində önəmli rol oynayır.
    Bu gün Türkiyə Azərbaycan Mədəniyyət Evinin başqanı Hikmət Alp və kültür evinin üzvlərindən ibarət 25 nəfərlik nümayəndə heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı oldu. Muzey əməkdaşları ekskursiya zamanı qonaqlara ümumbəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən Cavid əfəndinin zəngin yaradıcılığı haqqında geniş məlumat verdilər. Hikmət Alp dərnək üzvlərinin müəyyən bir qisminin ədəbiyyatçı olduğunu qeyd etsə də onların içində məşhur professor həkimlərin də olduğunu vurğuladı və həkimlərin ədəbiyyata daha çox maraq göstərdiyini bildirdi. Müxtəlif elm sahələrindən olan qonaqlarda H.Cavidin həyat və yaradıcılığı böyük maraq oyandırdı və cavidlər ailsəsinin faciəsi hətta onları çox kövrəltdi.
    Sonda qonaqlarla xatirə şəkili çəkildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.