Afyon Kocatepe Universitetinin professorları muzeyi ziyarət etdilər

04.07.2018

    Afyon Kocatepe Universitetinin Eğitim Fakültəsinin professoru, Dr. Hakkı Yazıcı və Dr. Sibel Yazıcı AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı oldular. Hörmətli qonaqlara Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən cavidlər ailəsi haqqında dolğun məlumat verildi. Ekskursiya zamanı dahi Hüseyn Cavidin İstanbul Universitetində oxuduğu illərin onun yaradıcılığına təsirindən də danışıldı. Eyni zamanda görkəmli sənətkarın ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyəti haqqında fikir mübadiləsi aparıldı.
    Ziyarətçilərə Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”, “Cavidşünaslıq” araşdırmalar toplusu və s.) haqqında da geniş məlumat verildi. Qeyd edək ki, Muzey Hüseyn Cavid və cavidlər irsinin dünyada tanıdılması üçün geniş fəaliyyət göstərir. Xarici ölkələrdən böyük elm adamlarının, ziyalıların və qabaqcıl aydınların mütəmadi olaraq Muzeyi ziyarətə gəlməsi məhz bu fəaliyyət planının bir hissəsidir. Bugünkü qonaqlarımız da Muzeyin işini yüksək qiymətləndirdi və əməkdaşlığın onlar üçün sevindirici olmasını vurğuladılar.
    Sonda qonaqlarla xatirə şəkili çəkildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.