HÜSEYN CAVİD


5 iyun-Hüseyn Cavidin məhbəs həyatının başlanğıc gecəsi

05.06.2018

    1937-ci ilin 4 iyun gecəsi... Hüseyn Cavidin ailəsində faciəli günlərin başlandığı tarix. AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şairin həbs olunduğu günə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə çıxış edən muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı vurğuladı ki, 1937-ci il iyun ayının 3-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının keçirilən XIII qurultayında Mərkəzi Komitə katibi Mircəfər Bağırov çıxış edərək “xalq düşməni” adlandırdığı bir çox Azərbaycan ziyalısını, o sıradan Hüseyn Cavidi kəskin tənqid etmişdir. Bu sərt çıxışdan çox keçmədən elə həmin günün gecəsi, iyunun 4-də, saat dörd radələrində böyük şairi öz yazı masasından, evindən, şeirlərindən, ədəbiyyatından və həyatdan ayırdılar. Bununla da faciələr müəllifi Cavidin və ailəsinin uzun müddət davam edəcək zillətləri başlandı, onu həbsxanaya atdılar və iki il sonra Sibirə sürgün etdilər. Həbsindən az sonra ailəsini də bu evdən çıxardılar. G.Babaxanlı onu da qeyd etdi ki, həmin gecə Sovet cəza orqanları Hüseyn Cavidin yaşadığı mənzilə basqın edərkən evdə axtarış aparmış və Cavidin əsərlərinin çoxunu məhv etmişlər. Sonda o da bildirildi ki, Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan 1937-ci ilin 4 iyun gecəsi təkcə bu ailənin yox, bütün bir millətin yaddaşında dərin izlər buraxmışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.