HÜSEYN CAVİD


H.Cavidin “Ana” əsərinin ilk dəfə çap edilməsindən 105 il ötür

04.06.2018

    Bu il Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin “Ana” əsərinin ilk dəfə çap olunmasından 105 il ötür.
    İyun ayının 1-də dahi mütəfəkkirin “Ana” dramının yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində dəyirmi masa keçirilib. Tədbirdə muzeyin əməkdaşları və cavidsevərlər iştirak ediblər.
    Yubiley tədbirini giriş sözü ilə açan Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı məlumat verdi ki, Hüseyn Cavid dramatik yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlamışdır. Onun qələmə aldığı “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Əsər 1913-cü ildə Tiflisdə “Gürcü şirkəti” mətbəəsində çap edilmişdir. Əsərin mövzusu orta əsr italyan novellasından götürülsə də (bu fakt yazıçı Elçin tərəfindən müəyyən edilmişdir), Cavid onu yerli şəraitə, Azərbaycan-türk mentalitetinə uyğunlaşdırmış və orijinal bir əsər meydana gətirmişdir. Əsərdə hadisələr Dağıstanda otlu, ağaclı kiçik bir bağçada cərəyan edir. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.
    Tədbirdə daha sonra çıxış edən muzeyin elmi işçiləri əsərin qəhramanlarından Səlma, Qanpolad, İsmət, Səlimin əsərdəki rolları haqqında ətraflı məlumat verdilər.
    Sonra “Hüseyn Cavidin “Ana” əsəri-105 (ədəbi-tarixi xronika)” mövzusunda muzeyin əməkdaşlarının məruzələri dinlənildi. Məruzələrdə əsər haqqında dolğun xronoloji məlumat verilərək pyesin səhnələşdirmə tarixindən bəhs olundu.
    Daha sonra muzey əməkdaşları Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi, baş rolunu Əməkdar Artist Nübar Novruzovanın ifa etdiyi “Ana” dramının premyerasına yeni quruluşda tamaşa etdilər.
    Günümüzdə H.Cavidin əsərlərinin yenidən səhnəyə qoyulması, gənc tamaşaçı kütləsinə Cavid yaradıcılığını daha yaxından tanıtmaq və sevdirmək məqsədi daşıyır və bütün bunlar bir daha sübut edir ki, H.Cavid yaradıcılığı öz aktuallığını 100 il keçsə belə itirmir, əksinə 100-cü baharını yaşayır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.