“Heydər Əliyev və Hüseyn Cavid”

04.05.2018

    Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın ulu öndəri, böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev: Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi sessiya keçirildi. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açdı. O, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, bu müdrik siyasi xadimin səyi nəticəsində Azərbaycanın dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymasında, mədəniyyətin və ədəbiyyatın böyük mesenatı olmasından, xüsusilə dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Dahi rəhbərin ədəbiyyat haqqındakı dəyərli fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı: “Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür”.
    G.Babaxanlı ulu öndər Heydər Əliyevin zəngin həyat salnaməsinə nəzər salaraq dahi rəhbərin Naxçıvanda ilk ana dili və ədəbiyyat müəlliminin Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd olduğunu qeyd etdi. O, bildirdi ki, sonralar Heydər Əliyev Turan Cavidlə muzeydə söhbətində öz müəllimini xatırlayaraq demişdir: “Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəlim idi. Amma çox tələbkardı”.
    G.Babaxanlı diqqətə çatdırdı ki, Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardan biri, Heydər Əliyev isə bu əbədiliyi tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və böyük şairin adına layiq abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir.
    G.Babaxanlı çıxışında onu da vurğuladı ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi də H.Cavid irsinin böyük hamisi, ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılmış və cavidsevərlərin ixtiyarına verilmişdir. O, qeyd etdi ki, muzeyin ilk direktoru, ədibin qızı Turan xanım hər zaman ulu öndər Heydər Əliyevin qayğısını hiss etmiş və bu dahi rəhbərə dərin hörmət bəsləmişdir.
    Tədbirdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda sərgi nümayiş olundu. Sərgidə muzeyin fondunda qorunub saxlanılan Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi, həmin çoxcildliyin 2 cildlik elmi biblioqrafik göstəricisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, Hüseyin Cavidin Naxçıvandakı məqbərəsinin açılış mərasimini gerçəkləşdirmək üçün Naxçıvana gedən Heydər Əliyevin həyatının çox dəyərli üç gününü əks etdirən “Ömrün üç günü”, H.Cavidin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini əks etdirən “Hüseyn Cavid” adlı albom kitabları, “Heydər Əliyev və Hüseyn Cavid” adlı rəsm əsəri, bir çox dəyərli eksponatlar tamaşaçılara təqdim olundu.
    Sonda 2002-ci il 24 oktyabrında muzeydə ulu öndər Heydər Əliyevin iştirakı ilə baş tutmuş açılış mərasiminin lent yazısına baxış keçirildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.