Muzeydə “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib

26.02.2018

    2018-ci il fevral ayının 26-da AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib. Tədbir 1992-ci ildə 26 fevral tarixində vəhşicəsinə qətlə yetirilən Xocalı sakinlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı öz çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə davam etdirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". O, vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində də qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
    Daha sonra fil.ü.e.d. Gülbəniz Babaxanlı qeyd etmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
    Tədbirdə Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva da çıxış edərək Xocalı soyqırımının insanı dəhşətə gətirən vəhşiliklərindən ürək ağrısı ilə söz açdı. O, vurğuladı ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.
    Sonda bildirildi ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi də öz növbəsində dövlətimizin bu aksiyasına dəstək olaraq Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir. Anım tədbirində muzeyin ekspozisiyasında Xocalı faciəsinə həsr olunmuş foto sərgi, slayd nümayiş etdirildi.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.