AMEA Hüseyn Cavidin Ev Muzeyində İncəsənət Gimnaziyasının Teatr şöbəsi ilə birlikdə
“Hüseyn Cavid yaradıcılığı şagirdlərin ifasında” mövzusunda tədbir keçirilib

27.12.2017

    Azərbaycan romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində tədbirlərin keçirilməsi davam etməkdədir. Bu istiqamətdə AMEA Hüseyn Cavidin Ev Muzeyində AMK tərkibində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı şagirdlərin ifasında” mövzusunda tədbir keçirilib. Hüseyn Cavid irsinin təbliği sahəsində elmlə təhsilin inteqrasiyasını daha da gücləndirmək məqsədilə təşkil olunan tədbirdə şagirdlərə romantik şair və dramaturq Hüseyn Cavidin həyatı, əbədiyaşar zəngin yaradıcılığı, dünya şöhrətli dramaturgiyası haqqında geniş məlumat verilib.
   Şagirdlərin ifasında Cavid əfəndinin bir neçə şeiri səsləndirilib, dram əsərlərindən səhnəciklər təşkil edilib, “İblis”, “Şeyx Sənan” pyesindən parçalar göstərilib. Sonda şagirdlər Muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar.
   Tədbirə görə İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə və şagirdlər Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən son dərəcə məmnun qaldıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.