Muzeydə şagirdlərə “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib

08.11.2017

    Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Pirallahı rayonunda yerləşən 243 nömrəli tam orta məktəbin 7-8-ci sinif şagirdləri üçün dahi dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçilib.
   Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən Muzeyin fəaliyyəti haqqında geniş məlumat verilib.
   Açıq dərs zamanı Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı 8-ci sinif “Ədəbiyyat” dərsliyində verilmiş Hüseyn Cavidin “Ana” mənzum dramı və ədibin şeirləri haqqında mühazirə oxuyub və məktəbliləri maraqlandıran sualları cavablandırıb.
   Sonra fil.ü.e.d. Gülbəniz Babaxanlı elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində Muzeydə şagirdlərlə mütəmadi keçirilən bu cür tədbirlərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti malik olduğunu qeyd edib.
   Dərs bitdikdən sonra şagirdlər Muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.
   Bu açıq dərsə görə şagirdlər və onların ədəbiyyat müəllimi Qurbanova Tükəzban Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.