“Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

23.10.2017

    Oktyabrın 23-də AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə mütəfəkkir şair və böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan "Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
   Məqsəd Hüseyn Cavidin zəngin ümumbəşəri irsinin tədqiqi və təbliği sahəsində Türkiyə, Misir, İran, Özbəkistan və digər ölkələrin alimləri və tədqiqatçıları ilə fikir mübadiləsi aparmaqla səmərəli nəticənin əldə edilməsidir.
   Tədbir böyük şairin Hüseyn Cavid parkında ucaldılan heykəlini ziyarətlə başlayıb. Sonra konfrans öz işini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Kiçik akt zalında davam etdirib. Tədbir iştirakçıları foyedə böyük sənətkarın həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə tanış olublar. Yüksək zövqlə təşkil edilən və zəngin materiallardan ibarət olan sərgi xarici qonaqlarda xoş təəssürat yaradıb.
   Tədbiri giriş sözü ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açıb. Alim konfransın Hüseyn Cavid irsinin tədqiqi və təbliği baxımından önəmini vurğulayaraq dramaturqun zəngin yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, H.Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
   "H.Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub" - deyə bildirən akademik T.Kərimli qeyd edib ki, H.Cavidin dramaturgiyası ümumilikdə ictimai ədalətsizliyə, dünyanı parçalamaq və bölüşdürmək istəyən imperiyaların müstəmləkə siyasətinə, ana dilinə sevgiyə, saf mənəviyyata, insanın mənəvi ucalığına həsr olunub.
   Sonra “Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavidin "Topal Teymur" əsəri: tarix və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ədibin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanına yeni məzmun gətirdiyini və onun "Ana", "Uçurum", "İblis", "Şeyx Sənan" kimi əsərlərinin bu günün reallıqları ilə səsləşdiyini bildirib. Qeyd edib ki, H.Cavid tarixi əsərlərə bədiilik qatmaqda peşəkarlıq göstərərək "Topal Teymur" əsəri ilə sosializm ideologiyasına qarşı türkçülük məfkurəsini gətirib. S.Vəliyeva H.Cavidin ömrünün son günlərinə qədər milli məfkurəyə bağlı qaldığını, "Topal Teymur" əsərinə qarşı yönəldilən haqsız tənqidlərə susduğunu və zəngin yaradıcılığını davam etdirdiyini söyləyib.
   Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri, Hüseyn Cavidin qohumu Tağı Əhmədov cavidlər ailəsinin faciəli taleyindən söz açıb, böyük ədiblə bağlı eşitdiyi xatirələri bölüşüb. Bildirib ki, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin səyi və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq İrkutskdan doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib. Tağı Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını və tədqiq ediləcəyini vurğulayıb.
   Tədbirin davamında Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Hüseyn Cavid yaradıcılığının əhəmiyyətindən danışıb, unudulmaz sənətkarın ideyalarının bəşəri ideyalar olduğunu qeyd edib. O, ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavid irsinin öyrənilməsinin və təbliğ olunmasının vacibliyini vurğulayıb.
   Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Onun əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır. Fil.ü.e.d. Gülbəniz Babaxanlı Muzeydə böyük şairin ədəbi irsinin araşdırılması və təbliği istiqamətində reallaşdırılan tədbirlərdən də söz açıb.
   İranlı tədqiqatçı, şair Əkbər Həmidi Əlyar Hüseyn Cavidin külliyyatının fars dilinə tərcümə məsələsindən danışıb.
   Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Hüseyn Cavid dramaturgiyasında çoxcəhətli mələk obrazı” və filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımovun “Cavid əfəndinin böyük ideyaları barədə kiçik qeydlər” və AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun "Məhəmməd Tağı Sidqi və Hüseyn Cavid" digər mövzularda məruzələr dinlənilib.
   Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Burada cavidşünas alimlərin məruzələri dinlənilmiş, geniş fikir mübadiləsi aparılıb.
   Xarici ölkələrin alimləri ilə birgə aparılan yeni araşdırmalar Cavid əfəndinin zəngin ümumbəşəri irsinin tədqiq və təbliği sahəsinə əhəmiyyətli təsir edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.