Ərtoğrol Cavidin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib

20.10.2017

    Oktyabrın 22-də Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin doğum günündən 98 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Gənc musiqişünas və folklorşünas Ərtoğrol Cavid” mövzusunda anım tədbiri keçirilmişdir.
   Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən söhbət açdı. Fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirdi ki, Ərtoğrol Cavid peşəkar bir musiqiçidir və musiqi nəzəriyyəsi, musiqi əsərlərinin yaradıcılığı, eləcə də musiqi folkloru sahəsində onun irəli sürdüyü fikirlər və ərsəyə gətirdiyi əsərlər bu gün də öz aktuallığını və əhəmiyyətini qoruyub saxlamaqdadır. Örnək üçün onun klassik musiqi sahəsindəki əsərlərini göstərmək kifayətdir. Bu əsərlər Ərtoğrolun peşəkar bir bəstəkar kimi necə böyük ümidlər verdiyinin və həyatı yarımçıq kəsilmədiyi halda, öz müəllimləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayev səviyyəsinə yüksələ biləcəyini, hətta onların çiyinləri üzərində ucala biləcəyini söyləməyə əsas verir.
   Tədbirin davamında çıxış edən Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva bildirdi ki, Ərtoğrol Cavidin musiqi əsərləri Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr edilmiş və kompakt disklərdə dinləyicilərə, eləcə də cavidsevərlərə çatdırılmaqdadır. O, eyni zamanda qeyd etdi ki, Muzeyin Ərtoğrol Cavidə həsr olunmuş guşəsi haqqında ziyarətə gələn tamaşaçılara ətraflı məlumat verilir.
   Tədbir zamanı Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən, müxtəlif kitablardan, sənədlərdən, CD-DVD disklərdən və fotolarlardan ibarət geniş sərgi təşkil olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.