Muzeydə elmlə təhsilin inteqrasiyası çərçivəsində 245 saylı məktəbin şagirdlərinə açıq dərs keçirildi

16.10.2017

    Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Xətai rayonunda yerləşən 245 saylı tam orta məktəbin 8-ci sinfin şagirdləri üçün böyük dramaturq və filosof-şair Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçilib.
   Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında geniş məlumat verildi.
   Açıq dərs zamanı Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı 8-ci sinif “Ədəbiyyat” dərsliyində verilmiş Hüseyn Cavidin “Ana” mənzum dramı və ədibin şeirləri haqqında mühazirə oxuyub. Bu kontekstdə məktəbliləri maraqlandıran sualları cavablandırıb.
   Sonra fil.ü.e.d. Gülbəniz Babaxanlı elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində Muzeydə şagirdlərlə mütəmadi keçirilən bu cür tədbirlərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti malik olduğunu qeyd edib.
   Dərs bitdikdən sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.