Turan Cavidin anadan olmasının 94-cü ildönümü münasibətilə anım tədbiri keçirilib

02.10.2017

    Bu gün Azərbaycanın böyük dramaturqu Hüseyn Cavidin əziz qızı Turan Cavidin doğum günündən 94 il ötür. Dəyərli muzeyşünas, teatrşünas, mətnşünas və pedaqoq, cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin əziz xatirəsi Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hörmətlə anıldı. Tədbiri giriş sözü ilə açan AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxışında Turan Cavidin çoxşaxəli yaradıcılıq fəaliyyətindən və Hüseyn Cavidin külliyatının orijinal variantına qaytarılmasında göstərdiyi xidmətlərindən söhbət açdı.
   Tədbirin davamında çıxış edən Muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva muzeyin fondunda saxlanan Turan Cavidə məxsus eksponatlar haqqında danışdı. O eyni zamanda Turan Cavidin həyat və sənət yolundan bəhs edən sənədlər, fotolar və xatirə əşyaları haqqında tədbir iştirakçılarına dolğun məlumat verdi.
   Tədbirdə çıxış edən muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında ətraflı məlumat verdi.
   Sonda tədbir iştirakçıları və qonaqlar Muzeyin ekspozisiyasında hazırlanmış sərgi ilə tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.