Qazaxıstan Milli İncəsənət Akademiyasının magistrantları AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

18.04.2017

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ADMİU-da elmi-təcrübi dərslər keçən Qazaxıstan Milli İncəsənət Akademiyasının I kurs magistr tələbələri AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər. Qazaxıstanlı magistrantlara Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan böyük dramaturq, romantik şair Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən cavidlər ailəsinə aid dəyərli eksponatlar haqqında dolğun informasiya verildi. Ümumtürk ədəbiyyatında fəlsəfi lirikanın və mənzum dramanın təkrarsız nümunələrini yaradan H.Cavidin türkçülük, turançılıq ideologiyasını humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da Turan ellərindən Cavid əfəndinin evini ziyarətə gəlmiş qazax tələbələrə geniş məlumat verildi.
    Ekskursiyanın sonunda Muzeyə etdikləri ziyarətdən son dərəcə məmnun qalan qazax magistrantlar öz təəssüratlarını Muzeyin xatirə kitabında qeyd etdilər və xatirə şəkli çəkdirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.