Dünya romantizm ədəbiyyatının nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid irsinin beynəlxalq miqyasda təbliği istiqamətində “Maral” əsəri bolqar dilinə tərcümə olunur

12.04.2017

    Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” əsəri AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Tərtibçisi və ön sözünün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva olan bolqar dilində nəşr olunacaq “Maral” pyesi Hüseyn Cavidin ümumbəşəri yaradıcılığının beynəlxalq miqyasda təbliği məqsədilə bolqar oxucuları üçün nəzərdə tutulmuşdur. Azərbaycan ədəbiyyatı tarixində mövzu aktuallığı ilə diqqəti cəlb edən “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Ailə-məişət planında qələmə alınmış “Maral” pyesində özündən xeyli yaşlı olan Turxan bəyə ərə verilən Maral müsəlman qadınının hüquqsuzluğu ilə barışmaq istəmir, öz ürəyinin səsi ilə hərəkət etmək qərarına gəlir. Amma Maralda bu, yalnız arzu şəklindədir və lazım gəldikdə o, kifayət qədər qətiyyət göstərə bilmir. Milli əxlaq normalarının qoyduğu tabular Maralın azadlığa və sərbəstliyə doğru gedən yolunu amansızlıqla kəsir, onu fiziki məhvə məhkum edir.
    Minillik zəngin Azərbaycan ədəbiyyatının ən yaxşı humanist ənənələrini davam və inkişaf etdirən dahi Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin ilk dramatik əsərlərindən biri olan “Maral” faciəsi işıqlı ideyaların təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu ideyalar arasında tolerantlıq və multikultural dəyərlər də aparıcı yerlərdən birini tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.