Hüseyn Cavidin “Uçurum” əsərinin yazılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib

17.03.2017

    Bu il böyük Azərbaycan mütəfəkkiri, mənzum dramaturgiyamızın banisi Hüseyn Cavidin “Uçurum” əsərini yazmasından 100 il ötür. Dahi dramaturqun 1917-ci ildə qələmə aldığı “Uçurum” faciəsinin yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirildi. Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin 4-cü kurs tələbələrinin iştirak etdiyi tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı “Hüseyn Cavidin bədii-fəlsəfi irsində süni avropalaşma və yad ünsürlərin milli mənəviyyata təsiri problemi” mövzusunda elmi məruzə ilə çıxış etdi. O, məruzəsində geniş ədəbi təhlil apararaq əsərin Avropa və türk mədəniyyətlərinin sintezi və müqayisəsi baxımından mövzu aktuallığını vurğuladı. “Uçurum” kəlməsinin simvolik bir məna daşıdığını söyləyərək bu sözün “öz kökündən, mədəniyyətindən uzaqlaşmağı, yad mədəniyyətin, yad əxlaqın təsiri altına düşməyi göstərdiyini bildirdi.

“Uçurum: Şu çirkin, şu alçak hayat,
Uçurum: Uçurum bütün kainat!..”

    Sonra muzeyin elmi işçisi Aytən Babayevanın “Uçurum” faciəsi – 100 (ədəbi-tarixi xronika)” mövzusunda məruzəsi dinlənildi. Gənc tədqiqatçı məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixinə ətraflı nəzər saldı.
    Tədbir zamanı “Uçurum” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi təşkil edilib və gün ərzində muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.