Türkiyəli alim Hüseyn Cavidin Ev Muzeyində tələbələrə açıq dərs keçib

06.12.2016

    Türkiyənin Mərmərə Universitetinin alimi, dosent Mehdi Gəncəli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya ixtisası üzrə 4-cü kurs tələbələrinə AMEA Hüseyn Cavidin Ev Muzeyində açıq dərs keçmişdir. Muzeyin qonağı olan tələbələrə öncə böyük şair Hüseyn Cavidin və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində muzeyin fəaliyyəti haqqında geniş məlumat verilmiş, onlar muzeyin zəngin eksponatları ilə ətraflı tanış edilmişlər. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının təşəbbüsü ilə baş tutan açıq dərs zamanı dosent Mehdi Gəncəli mühazirəsində Hüseyn Cavidin həyat yoluna nəzər salmış, filosof-şairin böyük fəlsəfi məna kəsb edən dram əsərlərini və şeirlərini təhlil etmişdir. O, dahi dramaturqun dünyagörüşünün formalaşmasında və türkçülük ideyalarının təbliğində 1906-1909-cu illərdə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil aldığı müddətdə Rza Tofiq kimi və başqa böyük mütəfəkkirlərin təsirindən və yaşadığı mühitin mühüm rolundan danışmışdır. Dərsin sonunda muzeyin nəşrləri haqqında tələbələrə müfəssəl məlumat verilmişdir.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com