Şagirdlərə “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib

29.11.2016

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakıda fəaliyyət göstərən “İstək” liseyinin 9A sinif şagirdləri üçün “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə Azərbaycan romantik ədəbiyyatının böyük şairi və görkəmli dramaturq Hüseyn Cavidin və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeyin fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verilib. Dərs zamanı muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərək şagirdlərə dahi Hüseyn Cavidin şeirləri haqqında mühazirə oxuyub və məktəbliləri maraqlandıran sualları cavablandırıb. G.Babaxanlı qeyd edib ki, muzeydə mütəmadi olaraq təşkil edilən bu cür dərslər məktəblilərin dünyagörüşlərinin və bədii təfəkkürlərinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Sonra G.Babaxanlı şagirdlərin istifadə etməsi üçün 5 cildlik “Hüseyn Cavid. Əsərləri” kitabını və yenicə çap edilmiş Azərbaycan və ingilis dillərində olan “Cavid hikməti: seçmə aforizmlər” kitabını “İstək” liseyinə hədiyyə edib.
    Dərs bitdikdən sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com