“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə həyata keçirilir

21.09.2016

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 8-ci qrant müsabiqəsinin nəticəsinə əsasən, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının ideya müəllifi və elmi məsləhətçiliyi ilə muzeyin gənc əməkdaşı Fəridə Əliyeva “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə həyata keçirir. AMEA Hüseyn Cavidin Ev Muzeyində icra edilən layihənin məqsədi yeniyetmə və gənclər arasında dahi şair və böyük dramaturqumuz Hüseyn Cavidin zəngin ədəbi-bədii irsinin təbliği, onların tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, milli-mənəvi və bədii təfəkkürlərinin zənginləşdirilməsindən ibarətdir. Dahi şairin əsərləri məktəbli yeniyetmələrin milli-mənəvi tərbiyəsində, ədəbiyyatımızın və Azərbaycançılıq məfkurəsinin təbliğində ədəbi-fəlsəfi mənbə kimi xüsusi aktuallıq kəsb edir. Cari ilin noyabr ayının 15-də yekunlaşması planlaşdırılan layihənin vəzifələrini Hüseyn Cavidin aforizmlərinin toplanması, sistemləşdirilməsi, ingilis dilinə tərcüməsi, nəşrə hazırlanması, çap edilməsi, məktəblərdə kitabın təqdimatının təşkili və məktəbli yeniyetmələr arasında paylanılması təşkil edir. Layihənin icrası zamanı aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
    - Hüseyn Cavidin yaradıcılığından seçilmiş aforizmlərin təhlil edilməsi, aydınlaşdırılması;
    - Seçilmiş aforizmlərin sistemləşdirilməsi, sistemləşdirilmiş aforizmlərin ingilis dili üzrə mütəxəssis cəlb etməklə tərcüməsinin həyata keçirilməsi;
    - Azərbaycan və ingilis dillərindən ibarət aforizmlərin toplandığı kitabın hazırlanması, çapı və paylanılması.
    Layihə məktəbli yeniyetmələrin Hüseyn Cavidin zəngin irsi ilə daha yaxından tanış olmasına və bədii zövqlərinin formalaşmasına müsbət təsir göstərəcək.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com