HÜSEYN CAVİD


EKSPOZİSİYA MƏTNİ


 Böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ev muzeyi onun Bakı şəhərində daimi olaraq yaşadığı ünvanda – 1920-1937-ci illər arası ömür sürdüyü İstiqlaliyyət küçəsi (keçmiş Kommunist) 8 saylı binanın 3-cü qatında yerləşir.
    Girişi İstiqlaliyyət küçəsi tərəfindən - Əlyazmalar İnstitutu ilə eyni qapıdan olan Cavidin ev muzeyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən 3 muzeydən biridir. Muzeyin yerləşdiyi bina tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və himayəsilə memar İ.V.Qoslavskinin layihəsi əsasında 1898-1901-ci illərdə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdur. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir. 1920-30-cu illərdə burada Darülmüəllimin (pedaqoji məktəb), 1930-cu ildən sonra Mərkəzi İcraiyyə Komitəsi, hazırda isə MEA Füzuli adına Əlyazmalar İnstitutu yerləşir.
   Əlyazmalar İnstitutunun 2-ci mərtəbəsindən Cavid muzeyinin fərdi giriş qapısı var və Cavidin ev muzeyinin burada yerləşməsi haqqında məlumat verən lövhə orada vurulmuşdur: “Böyük şair və mütəfəkkir Hüseyn Cavid Vətənə qayıdışı və yaşadığı mənzildə ev muzeyinin açılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü, cəsarəti və ardıcıl səyləri ilə gerçəkləşmişdir”.
   Hüseyn Cavidin ev muzeyinin yaradılması haqqında 604 saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilmişdir. Respublika Mədəniyyət Nazirliyinin 16 aprel 1991-ci il 74 saylı qərarı ilə muzey üçün Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın 1-ci mərtəbəsində 5 otaq ayrılmışdır. Nəhayət, Respublika Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə H.Cavidin ev muzeyi həmin binanın 3-cü mərtəbəsində, yerləşən və şairin 1920-ci ildən 4 iyul 1937-ci ilə qədər yaşadığı, əsərlərinin əksəriyyətini yaratdığı mənzilə köçürülmüşdür.
   H.Cavidin ev muzeyinin açılışı 2002-ci il oktyabr ayının 24-də şairin 120-ci doğum günündə olmuşdur. Muzeyin girəcəyində heykəltaraş Ömər Eldarovun yaratdığı və əsli Hüseyn Cavid prospektində MEA-nın əsas binası ilə üzbəüz bağda ucalan tuncdan tökülmüş “Cavid abidəsi”nin gipsdən olan kiçik variantı qoyulmuşdur. (1993) 175 sm. hündürlüyü və 75 sm. eni olan abidə 60 sm. hündürlüyü möhkəm taxta təməl üzərində qoyulub və bürünc rənglidir. Abidənin qoyulduğu hissə ilə üzbəüz divarda “Cavid planeti” adlı lövhə asılıb.
   Lövhənin ətrafında verilmiş mətndən aydın olur ki, Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi 6262 saylı planetə Beynəlxalq astronomiya İttifaqı 20 iyun 1997-ci ildə böyük Azərbaycan şairi və dramaturqu H.Cavidin adını vermişdir. Stendin üzərində H.Cavidin “Peyğəmbər” əsərindən götürülmüş bir misra yazılmışdır:

“Bən fəqət hüsni-xuda şairiyim,
Yerə enməm də səma şairiyim...”

   Həmin divara bitişik divarda “Mütəfəkkir şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi və yaşadığı mənzildə ev muzeyinin açılması Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ardıcıl səyləri ilə gerçəkləşmişdir” kəlamları yazılmış lövhə asılmışdır. Abidənin qoyulduğu divarda H.Cavidin Naxçıvandakı məqbərəsinin maketi. (Müəllif İbrahim İbrahimov). Məqbərənin yuxarısında “Hüseyn Cavidin Ev muzeyi” yazılan xalq sənətkarı Seyfəddin Məmmədvəliyev tərəfindən işlənmiş qoz ağacından oyma asılmışdır.
   Həmin divara bitişik divarda H.Cavidin adına olan gəminin şəkli asılmışdır.



Ekspozisiyanın tam mətni (PDF)

Səhifəni çap et